10.03.2017

“Şahin” Respublika hərbi idman oyunlarının zona birinciliyi üzrə yarışları davam etdirilir

Martın 6-da başlanan “Şahin” Respublika hərbi idman oyunlarının zona birinciliyi üzrə yarışları davam etdirilir.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik işinin daha da gücləndirilməsi, şagirdləri hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına dair köməklik göstərməkdir.

Məktəblər zonalar üzrə 4 qrupa bölünüb, birinci qrupa daxil olan məktəblərin komandaları martın 6-da Muxax kənd 2 nömrəli tam orta məktəbdə yarışıblar və yarışın qalibi Muxax kənd 1 nömrəli tam orta məktəbin şagirdləri olub.

İkinci qrupa daxil olan məktəblərin komandalarından  martın 7-də Əliabad qəsəbə 1 nömrəli tam orta məktəbdə keçirilmiş oyunlarda qalib Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri olub. Üçüncü qrup məktəbləri isə bu gün Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə yarışıblar və birinci yeri Zaqatala şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri tutublar.

Mart ayının sonunadək davam edəcək yarışlar 3 mərhələdə keçiriləcək. Birinci mərhələ məktəbdaxili birinciliklər, ikinci mərhələ zona birincilikləri və üçüncü mərhələ final mərhələsi olacaq.