18.08.2017

Rayon məzunları arasında ən yüksək nəticə göstərən Səyyad Yusifli olub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında rayon məzunları arasından ən yüksək nəticə göstərən III ixtisas qrupu üzrə 690 bal toplamış Səyyad Yusifli olub. Səyyad Yusifli Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunudur.

Səyyadla olan müsahibəmizi təqdim edirik:

-Qəbul imtahanı necə keçdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

-Hər iki imtahanda iştirak etdim. İlk imtahanda bir az həyəcanlı idim, amma ikinci dəfə artıq təcrübəm olduğu üçün çox rahat idim, ilk imtahandan çıxanda elə bilirdim ki, 700 bal toplamışam,amma balım 682 oldu.  2-ci imtahandan çıxanda isə 700-ü yığmadığımı bilirdim, çünki 1 sualı səhv köçürmüşdüm. İmtahan prosesi asan keçdi, hər iki imtahanda sualları 1 saatdan az vaxtda bitirdim, sonra dəfələrlə yoxladım ki, səhv olmasın. Hər iki imtahandan çıxanda təəssüratlarımı valideynlərimlə bölüşdüm, imtahana mən girmişdim, amma onlar məndən çox həyəcanlı idilər.

-Ən böyük arzun nədir?

-Ən böyük arzum böyük tarixi şəxsiyyətlər kimi cəmiyyətimizi irəli apara biləcək bir şeylər edə bilmək və xalqımın yaddaşında iz qoymaqdır.

-Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

-Özümü gələcəkdə Ali Məhkəmədə hakim olaraq görürəm,amma hələlik planım öncə 4 il DİA-da (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) oxumaq, sonra magistr təhsilini xarici ölkələrdən birində (İnglitərə, ya da ABŞ) almaqdır.

-Gələn il imtahan verəcək abituriyentlərə nələri məsləhət görərdin?

-Mən özüm də indiyədək yüksək bal toplayan abituriyentlərin müsahibələrini oxumuşam, orada qeyri-adi heç bir şey görməmişəm, hamının elədiyi şeyləri eləyiblər, hamı oxuyan kimi oxuyublar, mənsə özümü kiməsə məsləhət verə biləcək səviyyədə görmürəm, sadəcə bu yollardan keçən biri kimi gələcək illərdə tələbə olmağa namizəd abituriyentlərə demək istəyirəm ki, özlərinə güvənsinlər, özlərinə inamları olsun, öz sistemlərini qursunlar, çünki çox vaxt başqalarının onlara verdiyi məsləhətlər özünü doğrultmur, çünki hər kəs  eyni potensialda deyil.Yaxşısı budur ki, özləri bilən kimi oxusunlar,istirahətlərinə yaxşı fikir versinlər, doyunca gülüb-əylənsinlər, düzdür, oxumaq da, hazırlaşmaq da lazımdır, amma evə həbs olmasınlar, insan dünyaya bir dəfə gəlir, ona görə də həyatın ən gözəl çağlarından biri olan bu dövrü ancaq dörd divar arasında keçirməsinlər. Bəzən valideynlər də uşaqları istəmədən sıxır, amma əmin olsunlar ki, valideynlərin bütün fikirləri onlar üçündür, inansınlar ki, onlar olmadan valideynlərə nə universitet lazımdır, nə də başqa bir şey, əsas olan sizsiz, siz! Universitet, təhsil və qeyriləri hamısı sizdən sonra gəlir, ona görə heç nəyi gözünüzdə böyütməyin, sadəcə özünüzə inanın və normal hazırlaşın, qalan hər şey öz-özünə düzələcək. 

Sonda demək istəyirəm ki, bütün hazırlıq prosesində (tək hazırlıq yox, həyatımın hər anında) yanımda olan valideynlərimə, sonra bu yığdığım balın əsas memarı olan müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Hamısına təşəkkür edirəm.Tək valideynlərimə, müəllimlərimə yox, onların timsalında dostlarıma, əlimdə kitab görəndə "Allah arzuna çatdırsın" deyənlərə, ümumiyyətlə, mənimlə olan hər kəsə təşəkkür edirəm.


Açar sözlər: ,  ,