11.09.2017

Tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Sentyabrın 9-da Heydər Əliyev Mərkəzində builki qəbul imtahanlarının nəticələrinə əsasən tələbə adını qazanmış məzunlarla rayon ictimaiyyətinin görüşü keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, rayon icra hakimiyyəti başçısının müavini və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 455 məzundan 381-i tələbə adını qazanıb. Onlardan 23-ü xaricdə təhsil alacaq. Bundan əlavə, əvvəlki illərin məzunlarından da 20 nəfər ali məktəblərə daxil olub. Qəbul imtahanlarında 19 məzun 600 baldan yuxarı, 46 məzun isə 500-600 bal arasında nəticə göstərib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Təhsil şöbəsinin müdiri qəbul imtahanlarında zaqatalalı məzunların qazandıqları uğurlar barədə danışıb. Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunu Səyyad Yusifli rayon üzrə ən yüksək nəticə (690 bal) göstərərək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbin məzunu Aynur Abdullayeva 682 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Humanitar Fənlər Gimnaziyasının məzunu Şahin Umuxanov və Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin məzunu Əfruz Hüseynova qəbul imtahanlarında 680 bal toplamağa müvəffəq olublar.

Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara və bir qrup qabaqcıl təhsil işçisinə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.


Açar sözlər: