27.09.2017

“Din, təhsil və dünyəvilik” mövzusunda seminar keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Texniki fənlər təmayüllü liseydə “Din, təhsil və dünyəvilik” mövzusunda seminar keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru qeyd edib ki, gənc nəslin sağlam tərbiyəsində milli-mənəvi və dini dəyərlərimizdən səmərəli istifadə edilməlidir.

Zaqatala RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev rayonun dini durumu ilə bağlı məlumat verib, Zaqatalada tarixən mövcud olan dini ənənələrin qorunub saxlanılmasına diqqət çəkib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov məruzəsində dini fundamentalizm və dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib. Dini fanatizm, mövhumatçılıq, radikalizm və onlarla mübarizə yolları barədə danışan şöbə müdiri qeyd edib ki, dini radikalizm və dini mövhumatla mübarizədə təhsilin xüsusi rolu var və buna görə də, gənclərimiz daim öz dünyagörüşlərini artırmağa çalışmalıdırlar.

Sonda isə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,