13.12.2017

"Məktəblərimizin tarixi və uğurları"

 

Şıxəli Qurbanov adına Zaqatala şəhər 3 nömrəli tam orta məktəb 1967-ci ildən fəaliyyət göstərir. Məktəbin ilk direktoru Mücahid Qocayev olub. Birtipli layihə əsasında tikilən məktəb 864 nəfər şagird tutumludur. Məktəbdə sonuncu təmir 2013-cü ildə aparılıb.

Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alan 928 nəfər şagirdin təlim-tərbiyəsi ilə 135 nəfər müəllim məşğul olur. Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəb qızıl medalçıları, olimpiada, idman yarışlarında, “Əlaçı”, “Ən yaxşı təqdimat” müsabiqələri və bir sıra layihələrdə iştirak edib uğur qazanmasına görə həmişə seçilib.

Məktəb öz məzunları ilə də daima fəxr edir. Şəhər 3 nömrəli tam orta məktəbin məzunu olmuş Məsud Əfəndiyev məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildən Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir. 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Science - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

Ötən tədris ilində məzun olan 79 nəfər şagirddən 41 nəfəri tələbə adını qazanıb. Məzunlardan 3 nəfər 600-dən – Səyyad Yusifli rayon üzrə rekord nəticə (690 bal)göstərib - 9 nəfər isə 500-dən çox bal toplayıb. Məzun olanlardan 2 nəfəri isə xaricdə təhsil almaq hüququ qazanıb.

Ötən tədris ilində məzun olmuş Səyyad Yusifli “Əlaçı” televiziya müsabiqəsində Respublika üzrə I yeri qazanıb.

Məktəbin pedaqoji kollektivi Təhsil Nazirliyi, rayon rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.

Məktəbin qazandığı uğurlar və iştirak etdiyi layihələr bununla da kifayətlənmir. Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmiş 3 nəfər şagird gümüş, bürünc medal və IV yerə layiq görülüblər.

Sərhəd qoşunları ilə bağlı respublika üzrə keçirilən inşa müsabiqəsində Aysu Əliyeva fəxri yer tutaraq sərhəd qoşunlarının komandanlığı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb. Murad Yusifov isə “Vergilər məktəblilərin gözü ilə” rəsm müsabiqəsinin respublika üzrə qaliblərindən biri olub.

Şəhər 3 nömrəli tam orta məktəb Respublikanın digər məktəbləri ilə iş təcrübəsini mübadilə etmək məqsədi ilə Bakı şəhər Binəqədi rayonu 47 nömrəli, Qax şəhər 2 nömrəli tam orta məktəblərlə daim əlaqə saxlayır, tele-körpü, açıq dərslər keçirirlər.

Məktəbin direktoru Elmira Hacıyeva ilə söhbətimizdə yeni hədəf və məqsədlərinin dünya olimpiadaçıları yetirə bilmək olduğunu qeyd edib. E. Hacıyeva qazandıqları bu  uğurlarının sirrini məktəb rəhbərliyi, müəllim və valideyn əməkdaşlığına əsaslandığını da qeyd edib.