20.02.2018

“Musiqi terminləri” adlı müsabiqə təşkil olunub

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində incəsənət məktəblərinin şagirdləri arasında “Musiqi terminləri” adlı müsabiqə keçirilib.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən uşaq incəsənət məktəblərini təmsil edən 41 şagird dahi bəstəkarın həyat və yaradıcılığı haqqında biliklərini nümayiş etdirib. Müsabiqə iştirakçıları iki saat müddətində 120 sualı cavablandırıblar.

Qaliblərin adları münsiflər heyətinin rəyinə əsasən yaxın günlərdə müəyyənləşəcək. Müsabiqədə ən yüksək bal toplamış 10 iştirakçı diplom və fəxri fərmanlarla mükafatlandırılacaq.