25.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində 28 May-Respublika Gününə həsr olunan konfranslar, mühazirələr və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyəti barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

Azərbaycan Xalq  Cümhuriyyəti dövrünün tariximizin  ən  şərəfli səhifələrindən biri olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilmiş şeirlər, mahnılar söyləyib və tarix üzrə biliklərini nümayiş etdirən intellektual viktorinalar keçiriblər.