21.06.2018

"Şagirdlərin məhəbbətini qısa zamanda qazana bilməyim məni çox sevindirdi" - Gənc müəllim Türkan Mahmudova

Təhsil Nazirliyi tərəfindən Zaqatala rayon məktəblərinə təyinat almış gənc müəllimlərdən biri də Türkan Mahmudovadır. Türkan müəllimə Lənkəran Dövlət Universitetinin Tarix müəllimliyi fakültəsinin məzunudur. O, müəllimlərin işə qəbulu müsabiqəsində 44 bal toplayıb və hal-hazırda Höytala kənd ümumi orta məktəbdə tarix fənnini tədris edir.

Türkan Mahmudova ilə söhbət edib peşəsi haqqında düşüncələrini öyrənmək üçün ona bir neçə sual ünvanladıq:

- Necə oldu ki, müəllimlik ixtisasını seçdiniz?

- Müəllim olmağa məktəbdə oxuyanda qərar vermişdim. Tarix fənninə böyük marağım olduğuna görə də ixtisas olaraq tarix müəllimliyini seçdim. İndi düşünürəm ki, müəllimlikdən başqa peşəyə belə həvəslə yanaşa bilməzdim.

- İşlədiyiniz məktəb yaşadığınız yerdən kifayət qədər uzaqdır. Gəlib-getmək sizin üçün çətin olmurmu?

- Məktəbə getmək üçün 2 marşrut dəyişməli oluram. Dərsə gəlməyim təqribi bir saat yarım vaxtımı alır, ancaq o qədər həvəsliyəm ki, bu vaxt heç gözümə görünmür. Bəzən müəllimə olduğuma, məktəbdə dərs dediyimə inanmıram.

- Məktəb haqqında ilk təəssüratlarınız necə oldu?

- Məktəb haqqında ilk təəssüratım çox gözəl oldu. Məktəbimiz şəraitinə görə digər kənd məktəblərindən geri qalmır, buna baxmayaraq bizim üçün yeni modul tipli məktəb binası quraşdırılıb, gələn tədris ilindən istifadəyə veriləcək. Məktəbə gəlməmişdən öncə fikrimdə bir məktəb canlandırmışdım, ancaq gəldiyim ilk gün çox xoş sürprizlə qarşılaşdım. Kollektiv tərəfindən çox gülərüz və mehriban qarşılandım. Yeni gəlməyimə baxmayaraq heç yadlıq hissetmədim.

- Şagirdlərlərlə münasibətiniz necədir?

- Siniflərə girdiyim ilk gündən uşaqlarla çox rahat ünsiyyət qura bildim. Hətta 5-ci sinif  şagirləri bir neçə dərsdən sonra mənə sürpriz hazırlamışdılar, gül ləçəkləri ilə masama adımı yazmışdılar. Şagirdlərin məhəbbətini qısa zamanda qazana bilməyim məni yeni başlayan bir müəllim kimi çox sevindirdi. Şəhərdən uzaq olmasına baxmayaraq məktəbdə şagirdlərin davamiyyəti yüksəkdir, uşaqlar öyrənməyə meyillidirlər, ən çox xoşuma gələn cəhət odur ki, bilmədikləri mövzuların üstündən keçmirlər, daima sual verirlər. Mən də onların suallarını ətraflı cavablandırmağa çalışıram. Yay tətilindəyik, şagirdlərimdən ayrıldığım bir neçə gün olmasına baxmayaraq onlar üçün çox darıxıram və səbirsizliklə yeni tədris ilini gözləyirəm.

- Digər gənc müəllimlərə nə tövsiyə edərdiniz?

- Məsləhət görərdim ki, həmişə dərsə hazırlıqlı gəlsinlər, daima öz üzərlərində işləsinlər, biliklərini təkmilləşdirsinlər. Müəllimin  elmi bilikləri nə qədər geniş və əhatəli olsa, fənnin tədrisi zamanı fənlərarası inteqrativ dərsin alınması imkanları bir o qədər çox olacaq. Həm də arzu edərdim ki, gənc müəllimlər yenilik axtarışında olmaqla bərabər bizdən öncə dərs deyən müəllimlərin pedaqoji təcrübəsindən də yararlansınlar.