05.10.2019

Gənc müəllimlərlə görüş keçirilib

Oktyabrın 5-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun ümumtəhsil məktəblərinə yeni təyin olunan gənc müəllimlərlə rayon rəhbərliyinin görüşündə keçirilib.

İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri Zaqatala rayon Təhsil şöbəsinin müdiri Habil Qurbanov açaraq, müəllimləri əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə təhsil sahəsinin inkişafına, gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, hazırda rayonun ümumtəhsil məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə 2150 müəllim məşğul olur. Onlardan 22 nəfəri 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu imtahanında iştirak edərək, rayonun ümumtəhsil məktəblərində çalışmaq hüququ qazanıblar. Yeni işə qəbul edilənlərin arasında Zaqatala rayonu ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərindən, Qax, Balakən və Oğuz rayonlarından olan gənc müəllimlər də var.

Zaqatalanın təhsil işçilərinin qazandıqları uğurlar barədə danışan təhsil şöbəsinin müdiri qeyd edib ki, son illər müəllimlərdən 10 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 11 nəfər “Tərəqqi” medalı, 17 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Sevindirici haldır ki, Prezident İlham Əliyevin oktyabrın 3-də imzaladığı Sərəncamla Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin direktoru Elmira Hacıyevaya “Əməkdar müəllim” fəxri adı verilib, şəhər 1 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Kəlmət Abdullayeva isə “Tərəqqi” medalı ilə təltif edilib.

Tədbirdə yeni fəaliyyətə başlayan gənc müəllimlərdən Sevinc Dadayeva, Nigar Xəlilova və başqaları çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müəllimləri peşə bayramları münasibətilə təbrik edib, savadlı nəslin formalaşmasında, şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müstəqil Azərbaycanın gələcəyi məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan çox asılıdır.

Sonda gənc müəllimlər Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən guşələrlə tanış olublar.