26.02.2020

Xocalısız 28 il

    Zaqatala rayonun ümumtəhsil məktəblərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərdə Vətənimizin müdafiəsi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram hissini aşılamaq, şagirdlərdə Vətənə məhəbbət hissini daha da yüksəltmək, dünya tarixində analoqu olmayan bu qanlı faciənin, insanlığa qarşı ən böyük bəşəri cinayətin həqiqətləri barədə şagirdlərə geniş məlumatların verilməsi təmin edilib. Təhsil müəssisələrində keçirilən tədbirlərdə erməni vandalizminin həqiqətləri, onların genosid siyasəti və etnik təmizləmə siyasəti altında Azərbaycanın dinc əhalisinə qarşı etdikləri amansız qəddarlıqlar şagirdlərin diqqətinə çatdırılıb.

    Rayonun təhsil müəssisələrində "Xocalı soyqırımını unutma”, "Xocalı harayı", “Xocalı-əsrin faciəsi”,  “Xocalı uşaqların gözü ilə”, "Xocalı xalqımızın qan yaddaşı", “Qanlı gecə”, “Xocalıya gedən yol”, “Xocalısız 28 il” mövzularında mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri, təşkilat saatları təşkil edilib. Şagirdlər Vətənə məhəbbət hisslərini , torpağa , xalqa bağlılıqlarını öz kompozisiyalarında ifadə ediblər.