18.04.2017

Tarix müəllimləri Qaxda təşkil olunan elmi-praktik konfransda iştirak edib

Qax şəhər 4 nömrəli tam orta məktəbdə “Qafqaz Albaniyası Azərbaycan tarixinin tərkib hissəsi kimi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Qax və Balakən Rayon Təhsil Şöbələrinin əməkdaşları, Qax, Zaqatala, Balakən rayonlarının ümumtəhsil müəssisələrinin tarix müəllimləri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan tarixinin tərkib hissəsi olan Qafqaz Albaniyası irsinin öyrənilməsi və təbliğ edilməsi olub.

Konfrans iştirakçıları ilk öncə məktəbin VIII və IX siniflərində tarix müəllimləri Nurlanə Əzimova və Xalidə Nəzirovanın mövzu ilə bağlı təşkil olunmuş "Açıq dərs"lərində iştirak ediblər. Daha sonra dəyirmi masa ətrafında dinlənilən dərslərin təhlili aparılıb, Qax şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şükufə Muradovanın “Qafqaz Albaniyası Azərbaycan tarixinin tərkib hissəsi kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafı çıxışlardan sonra bölgənin tarixçiləri arasında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Tədbirin sonunda Qax RTŞ-nin metodkabinet müdiri Günay Mahmudova çıxış edərək, tədris ili ərzində Təhsil Şöbəsi tərəfindən bu mövzuda silsilə tədbirlərin keçirildiyini vurğulayıb. O, tarix dərslərində bölgənin tarixi-coğrafi mövqeyinin, spesifik tarixi faktlarının, ərazidə yerləşən Qafqaz Albaniyası dövrünə aid tarixi məkanların tanıtımına xüsusi diqqət yetirilərək şagirdlərin həmin tarixi abidələrə ekskursiyalarının təşkil olunduğunu və rayonda yerləşən tarix-diyarşünaslıq muzeyində qrafikə əsasən “Qafqaz Albaniyası və albanlar” mövzusunda yuxarı sinif şagirdlərinə mühazirələrin oxunmasının iyun ayına qədər davam edəcəyini bildirib.